Sentyabr ayının 13-dən 15-dək “Xəzər dənizində Azərbaycan Respublikasının dəniz infrastrukturuna yönəlmiş terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirilməklə təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Xüsusi Hava Əməliyyatları Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi, enerji infrastrukturlarının mühafizəsi üzrə birgə sərhəd-axtarış əməliyyatlarının aparılması, enerji infrastrukturlarının mühafizəsi zamanı suüstü və sualtı hədəflərin aşkarlanması və məhv еdilməsi, sahildə və dənizdə aşkarlanmış təxribat qruplarının zərərsizləşdirilməsi, saxlanılmış gəmiyə əsaslı baxışların keçirilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin raket komplekslərindən, həmçinin zenit-artilleriya qurğularından dəniz və sahil hədəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləşdirilməsi elementləri yüksək dəqiqliklə icra olunub.*
E.Şəfiyev