Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəyan edib.
“Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”, - Abdullayeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verdikdən sonra, azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanmış və sənədləşdirilib. “Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir”, - o izah edib.
Abdullayeva əlavə edib ki, bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulub. “Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinib”, - o qeyd edib.
“Üçtərəfli bəyannamənin imzalanmasından sonra (2020-ci il 9 noyabr tarixli - İF) Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi”, - XİN-in nümayəndəsi əlavə edib.
Daha öncə Ermənistan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Azərbaycanı məsuliyyətə cəlb etmək üçün BMT Beynəlxalq Məhkəməsinə müraciət edib. **
N.Abbasova