2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanını strateji valyuta ehtiyatları 4,8% - $53,2 milyardadək artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, AMB-nin məlumatına əsasən, ehtiyatların artımı həmçinin neft bazarında müsbət tendensiyalar ilə şərtlənib. Xüsusilə, cari ilin əvvəlindən Brent neftinin orta qiyməti bir barrel üçün $67 təşkil edib.
“I yarımillikdə tədiyə balansının cari əməliyyatlar hesabında 1.9 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun 8%-i səviyyəsində profisit olmuşdur. Əlverişli neft qiymətləri və qeyri-neft ixracının yüksək sürətlə artması ilin sonuna tədiyə balansının profisitli olacağını proqnozlaşdırmağa əsas verir.Strateji valyuta ehtiyatları 8 ayda 4.8% (2.4 mlrd. ABŞ dolları) artaraq 53.2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlmişdir”, - AMB-dən vurğulanır.
Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10.6% artaraq 7 mlrd. ABŞ dollarını üstələmişdir. “Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynamışdır”, - AMB-nin bəyanatında deyilir.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.
2014-cü il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları pik səviyyədə - $53,7 milyard məbləğində olub. 2014-cü ilin IV rübündə valyuta ehtiyatlarının azalması prosesi başlayıb. Valyuta ehtiyatlarının milli valyutanın məzənnəsinin dəstəklənməsinə yönəldilməsi ilə əlaqədar azalma prosesi 2015-2016-cı illərdə də davam edib. 2017-ci ildən etibarən valyuta ehtiyatlarının artımı bərpa olunub və bu tendensiya 2018-2021-ci illərdə də davam edir.**
A.Əzizov