2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyard 105,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 2 milyard 894,4 milyon manat məbləğində heyvandarlıq, 3 milyard 210,8 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,6%, bitkiçilik məhsullarının istehsal həcmi 7,3% artıb.
8 ay ərzində respublikada 353,9 min ton ət (artım 3,2%), 1 milyon 433,8 min ton süd (artım 1,6%), 1 milyard 269,4 milyon ədəd yumurta (azalma 4,1%), 15,5 min ton yun (artım 0,1%), 491,3 ton barama (artım 10%) istehsal edilib.
DSK-nın məlumatına görə, kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Sentyabr ayının 1-nə kimi 1 milyon 423,8 min ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 6,1% çox tərəvəz toplanıb.
Bundan başqa, tarlalardan 828,1 min ton kartof (artım 9,3%), qarğıdalı da daxil olmaqla 3 milyon 127,2 min ton dənli və dənli paxlalı bitkiçilik məhsulları (artım 5,2%), 446,8 min ton bostan məhsulları (artım 3,5%), 431,7 min ton meyvə və giləmeyvə (artım 8,4%), 71,8 min ton üzüm (artım 13%), 968,8 ton yaşıl çay yarpağı (artım 27,6%), 22 min ton günəbaxan (azalma 3,7%), 52,4 min ton şəkər çuğunduru (artım 2,4 dəfə) və 3,9 min ton tütün (artım 4,7%) yığılıb.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb.*
X.Nəsirzadə