Azərbaycan və Ukrayna arasında avtomobil daşımalarına icazə kvotasının artırılması barədə razılıq əldə olunub.
“Sentyabrın 16-17-də beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Ukrayna Qarışıq Komissiyasının iclası keçirilib. İclasın yekunları üzrə Ukrayna və Azərbaycan daşıyıcıları arasında 2021-ci il üzrə əlavə icazələrin alınması və 2022-ci il üçün kvotanın artırılması barədə razılıq əldə olunub”, - deyə Ukraynanın Bakıdakı səfirliyindən bildiriblər.
Məlumata görə, bu il Ukrayna tərəfi əlavə olaraq 850 ədəd universal və 150 ədəd üçüncü ölkələrə (-dən) daşımalar üçün icazə alacaq.
“Həmçinin 2022-ci il üçün universal icazələr üçün kvotanın 45% artırılaraq 3200 ədədə, üçüncü ölkələrə (-dən) daşımalar üçün icazələrə dair kvotanın 27% artırılaraq 1400 ədədə çatdırılması ilə bağlı razılıq əldə olunub. Beləliklə, Ukrayna daşıyıcıları son 10 ərzində ilk dəfə olaraq Azərbaycandan artırılmış kvota ilə icazə alacaq”, - deyə məlumatda qeyd olunur.
İclasda tərəflər, həmçinin ölkələr arasındakı ticarət dövriyyəsinin cari vəziyyətini müzakirə edib və avtomobil daşıyıcıları tərəfindən yerinə yetirilmiş reyslərə dair statistik məlumatların mübadiləsini aparıblar.
“Bundan əlavə, Azərbaycan tərəfi Ukrayna nümayəndə heyətinin xahişi ilə bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, əgər üçüncü ölkədən gələn malın gömrük rəsmiləşdirilməsi həyata keçirilmirsə və mal yalnız Ukrayna ərazisində yük olaraq boşaldılırsa, nəzarət orqanları icazələri üçüncü ölkələrdə (-dən) tələb edəcək”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova