Hazırda Ermənistan və Türkiyə nümayəndələri arasında heç bir təmas yoxdur, lakin İrəvan Ankara ilə yüksək səviyyəli dialoqa hazırdır. Bunu “İnterfaks”a açıqlamasında Ermənistanın baş nazirinin mətbuat katibi Mane Gevorkyan deyib.
“İşlər səmərəli olacağı halda, Ermənistan yüksək və ali səviyyələrdə görüşlərə hazır olacaq”, - deyə Gevorkyan qeyd edib.
O bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının üçtərəfli bəyanatlarına uyğun olaraq nəqliyyat kommunikasiyalarının açılması regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün son dərəcə vacibdir.
“Ermənistan bu istiqamətdə irəliləməkdə qərarlıdır. Lakin bəzi bəyanatlarda kommunikasiyaların açılması mövzusu dəyişir və regional təcridin saxlanılması məntiqi daşıyır. Dəhlizlər haqqında söhbətlər məhz bundan ibarətdir və regionda sülh və sabitliyin bərqərar edilməsi, düşmənçiliyin aradan qaldırılması məntiqinə ziddir. Bu cür bəyanatlar region ölkələrini və xalqlarını təcriddə saxlamaq məqsədi daşıyır. Lakin regional kommunikasiyaların açılması ilə bağlı elə variantlar da var ki, düşmənçiliyin aradan qaldırılması üçün real vasitə ola bilər. Ermənistan hökuməti məhz üçtərəfli bəyanatlarda öz əksini tapmış belə variantın tərəfdarıdır”, - deyə o qeyd edib.*