Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri artıq müştərilərlə elektron qaydada müqavilə bağlaya və müştəri hesablarını (depo hesabı və marja hesabı) məsafədən aça bilərlər.
Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə təsdiqlənmiş və 16 sentyabr 2021-ci il tarixindən qüvvəyə minmiş “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nda deyilir.
Qaydada qiymətli kağızların yerləşdirilməsi üzrə anderraytinq xidmətinin birdən artıq investisiya şirkəti tərəfindən birgə təklif edilməsi imkanı müəyyən edilib. “Bu dəyişiklik investisiya şirkətlərinin anderraytinq üzrə imkanlarının birləşdirilməsinə və ümumi emissiyaların məbləğinin artırılmasına imkan verəcək”, - deyə AMB-də hesab edirlər.
Həmçinin fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətinin verilməsi və digər investisiya xidmətlərinə dair tələblər beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilib.
“Marja ticarəti Qaydası”na edilmiş dəyişikliklərə əsasən fərq müqavilələri ilə marja ticarəti xidməti üzrə peşəkar və institusional investorlara dair kredit hədlərinə yenidən baxılıb, peşəkar investorlar üzrə tələblər təkmilləşdirilib, adi investorlar üzrə isə kredit hədləri beynəlxalq standartlara uyğun olaraq fərq müqavilələrinin volatilliyi nəzərə alınmaqla differensiallaşdırılıb.
Qaydada, həmçinin foreks əməliyyatları üzrə investisiya şirkətlərinə dair informasiya texnologiyaları üzrə tələblər, investorların hüquqlarının müdafiəsi və risklərə dair məlumatlandırılması ilə bağlı mexanizmlər müəyyən edilib.*
X.Nəsirzadə