Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya dəmir yolu vaqonları ilə alma və pomidor tədarükünə dair icazənin müddətini 2022-ci ilin aprelin 1-dək uzadıb. Qeyd olunan tarixdən sonra konteyner daşımalarına keçid təmin ediləcək.
“Rosselxoznadzor”un yaydığı məlumata görə, bununla bağlı razılıq “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlı arasında aparılan danışıqların nəticələrinə əsasən əldə edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, daha əvvəl icazənin müddəti 2021-ci ilin oktyabrın 1-dək nəzərdə tutulmuşdu.
Danışıqlar zamanı Q.Təhməzli bildirib ki, AQTA “Rosselxozor”dan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərvericilərin və xəstəliklərin aşkar edilməsi barədə notifikasiya aldıqda, dərhal araşdırma aparır və karantin tədbirləri həyata keçirir. Azərbaycandan göndərilən nektarin və ərik partiyasında qonur monilioz çürük (Monilinia fructicola) aşkarlandıqdan sonra görülən tədbirlərin siyahısı yaxın vaxtlarda “Rosselxoznadzor”un ünvanına göndəriləcək.*