2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 1,5% - 5 milyon 958,9 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yüklərin ümumi həcmindən 5 milyon 676,1 min ton və ya 95,3% beynəlxalq tranzit yüklərin, 4,7% yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2020-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 1,2% artıb.
2021-ci il sentyabrın 1-nə Azərbaycanın limanlarında 156,3 min ton yük qalıb.
2020-ci ildə dəniz limanlarında 8 milyon 781,6 min ton həcmində yükləmə-boşaltma işləri (artım 6,5%) həyata keçirilib, bunun 8 milyon 186 min tonu və ya 93,2%-i beynəlxalq tranzit yüklərin (artım 8,5%), 7,8%-i yerli yüklərin payına düşüb.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.*
N.Abbasova