Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç bu gün Azərbaycanın Belqraddakı səfiri Kamil Xasıyevlə görüşüb.
"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, tərəflər iki ölkə arasında energetika, xüsusilə qaz təchizatı, “yaşıl enerji”, bərpa olunan enerji mənbələri sahəsinə investisiya qoyuluşu sahəsində əməkdaşlığı müzakirə ediblər.
Görüşdə energetika və dağ-mədən sənayesi sahəsində əməkdaşlığın intensivləşdirilməsi məsələləri, həmçinin energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması imkanları müzakirə olunub.
Mixayloviç Serbiyanın Azərbaycandan qaz almağa ümid etdiyini vurğulayıb. “Biz, həmçinin bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirmək və fəallaşdırmaq istəyirik”, - deyə o bildirib.
“Serbiya və Azərbaycan iki dost ölkədir, münasibətlərimiz möhkəm strateji tərəfdaşlığa əsaslanır. Biz cari əməkdaşlığı daha da inkişaf etdirmək və qaz təchizatı ilə yanaşı, “yaşıl enerji” məsələlərində də əməkdaşlıq etmək istəyirik”, - deyə Xasıyev qeyd edib.*
E.Şəfiyev