Stiq Atland (Stig Aatland) Norveçin “Equinor” şirkətinin Azərbaycan üzrə yeni meneceri təyin edilib.
“Atland bu vəzifədə Favad Quraişini əvəz edib. O, sentyabr ayından yeni vəzifəsinin icrasına başlayıb. Yeni təyinata qədər Atland “Equinor” şirkətinin qlobal kəşfiyyat və qazma işləri üzrə vitse-prezidenti vəzifəsində çalışıb”, - deyə şirkətin məlumatında bildirilir.
Atland neft-qaz sahəsində 15 illik iş təcrübəsinə malikdir. O, 2006-cı ildə “Equinor” (əvvəlki adı “Statoil”) şirkətində fəaliyyətə başlayıb.
““Equinor” şirkəti Azərbaycanda 30 ilə yaxındır ki, fəaliyyət göstərir, bu, bizim ən böyük və ən uzunmüdətli beynəlxalq öhdəliklərimizdən biridir. “Azəri-Çıraq-Günəşli” layihəsində iştirakımızla yanaşı, SOCAR-la əməkdaşlığın daha da inkişaf etdirilməsinə şad olarıq və Xəzərdə əməkdaşlıq üçün yeni imkanları dəyərləndirməyə hazırıq”, - deyə Atland qeyd edib.
“Equinor” şirkəti Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və ölkə iqtisadiyyatına sərmayə qoyan ən iri xarici investorlardan biridir. Şirkət “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi (7,27%) və Bakı-Tbilisi-Ceyhan boru kəməri (8,71%) layihələrinin iştirakçısıdır.*
N.Abbasova