"Bakı Metropoliteni" QSC "Bənövşəyi" xəttin şərti adı “B-04” olan stansiyanın inşasına başlayıb.
“Yeni stansiya Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək. Bu, metropolitenin 28-ci və Bənövşəyi xəttin - dördüncü stansiyası olacaq”, - “İnterfaks-Azərbaycan” “Bakı Metropoliteni”nə istinadən məlumat verir.
Məlumata əsasən, 1,010 min və 1,021 min metr uzunluğunda olan iki tunelin inşası artıq başa çatdırılıb.
Stansiyanın dərinliyi 29-32 metr təşkil edəcək. Bu kompleks 4 səviyyədən ibarət olacaq. Yuxarı səviyyədə kassa zalı və vestibül yerləşəcək. Platforma səviyyəsində qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalı yerləşəcək.
Platforma 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Uzunluğu 144 metr olacaq.
“Stansiyanın 4 giriş-çıxışı olacaq. Burada da səviyyədən səviyyəyə keçid məqsədilə eskalatorlar quraşdırlacaq və pilləkənlər inşa olunacaq. Xəttin digər stansiyaları kimi burada da əlil arabalarının stansiyaya düşürülməsi üçün liftlər quraşdırılacaq”, - məlumatda deyilir.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək.
Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.**
N.Abbasova