Azərbaycan prezidenti İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə sahibkarlar üçün manatla kreditlər üzrə faizlərə görə subsidiya verilməsi mexanizminin tətbiqini 2026-cı ilədək uzatmağı tapşırıb.
Çərşənbə axşamı prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub.
Bu mexanizm 2018-ci il yanvarın 1-dən 2020-ci il dekabrın 30-dək verilən manatla kreditlərə şamil olunur.
Fərmana əsasən, hazırda bu mexanizm 2022-ci il dekabrın 31-dək verilən kreditlərə şamil olunur.
Bundan başqa, ilkin olaraq 2019-2023-cü illərdə subsidiya verilməsi nəzərdə tutulurdu. Fırmana edilən dəyişikliyə əsasən, subsidiya verilməsi müddəti 2025-ci il də daxil olmaqla uzadılır.
Kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya vəsaitinin illik məbləği Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Fond aşağıdakı vəzifələri yerinə yetirir: ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir; ipoteka kreditləri üzrə təminatlar, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminatlar verir; sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar verir; “Elektron ipoteka” sistemini təşkil edir və onun fəaliyyətini təmin edir. **
A.Əzizov