Prezident İlham Əliyev “Təmiz Şəhər” ASC-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Cəmiyyətin Müşahidə Şurasının tərkibi də təsdiq edilib.
Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, üzvləri iqtisadiyyat nazirinin müşaviri Səməd Bəşirli və Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini Anar Novruzovdur.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin mart ayında ASC-ni 500 min manat nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Prezident İlham Əliyev 2020-ci il avqustun 7-də “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Holdinqin nizamnamə kapitalı 10 milyon manatdır.
Holdinqin yaradılmasında məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.
Holdinqin Müşahidə Şurasının sədri baş nazir Əli Əsədov, İdarə Heyətinin sədri Mətin Eynullayevdir.*
B.Rüstəmbəyov