2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 7,4% - 15 milyard 608 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Sentyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 904,2 milyon manat (hesabat dövründə artım 1,2% - İF) və ya bütün kreditlərin 5,8%-ni (2020-ci ilin sonuna 6,1%) təşkil edir.
Sentyabrın 1-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 2 milyard 899,8 milyon manat (artım 4,4%) və ya bütün kreditlərin 18,6%-i, özəl banklar tərəfindən 12 milyard 307 milyon manat (artım 8,1%) və ya bütün kreditlərin 78,9%-i həcmində kredit verilib. Qalan 401,2 milyon manat (artım 7,4%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2021-ci il sentyabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 11 milyard 426,7 milyon manat (artım 12%) milli valyuta, 4 milyard 181,3 milyon manat (azalma 3,4%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 26,8% (2020-ci ilin sonuna 29,8%) təşkil edir.
2021-ci il sentyabrın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 548 milyon manat (bütün kreditlərin 16,3%-i) ticarət və xidmət sahələrinin, 743,9 milyon manat (4,8%) energetika, mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 570,4 milyon manat (3,7%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 808,9 milyon manat (5,2%) tikinti və daşınmaz əmlak sahələrinin, 871,9 milyon manat (5,6%) sənaye və istehsal sektorunun, 748,5 milyon manat (4,8%) nəqliyyat və rabitə sahələrinin, 7 milyard 691,7 milyon manat (49,3%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-avqust aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 14,6% artıb.*
X.Nəsirzadə