Beynəlxalq ictimaiyyət Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərməlidir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərməlidir. Üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsinin, müharibənin bütün nəticələrini aradan qaldırmaq və bölgədəki bütün ölkələr və onların xalqları üçün firavan bir gələcək qurmaq yolunda alternativi yoxdur”, - deyə C.Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı bildirib.
Nazir vurğulayıb ki, beynəlxalq hüququn tətbiqi sülh, təhlükəsizlik və inkişaf üçün bir şərtdir. “Təəssüf ki, GUAM-a üzv dövlətlərin ərazilərində həlli uzanmış münaqişələr sülh və təhlükəsizliyə təhdid yaratmağa davam edir və bu münaqişələr suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir”, - deyə o əlavə edib.*