BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşa XİN başçısı Zbiqnyev Rau ilə görüşüb.
“Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, Azərbaycan və Polşa arasında strateji tərəfdaşlıqla bağlı məsələlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar”, - Azərbaycan XİN-in mətbuat xidməti məlumat verir.
Bayramov və Rau ölkələr arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
Tərəflər görüş zamanı Azərbaycan və Avropa İttifaqı əməkdaşlığı, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində iştirakla bağlı məsələləri müzakirə ediblər. Polşanın qarşıdan gələn il ATƏT-ə sədrliyi ilə bağlı, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bayramov Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz gücü hesabına torpaqlarını Ermənistanın işğalından azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdiyini vurğuladı. O, ölkəmizin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlı olduğunu, bu istiqamətdə lazımi addımları atdığını qeyd etdi və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə başladığını həmkarının diqqətinə çatdırdı. Bayramov Ermənistanın hələ də bölgədə sabitliyə əngəl yaratdığını və təxribatlarını davam etdirdiyini söylədi və Ermənistanın törətdiyi təxribatlar barədə həmkarını məlumatlandırdı.
“Varşavanın Bakı ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Rau bölgədə sülhün və sabitliyin təmin olunmasının vacibliyini qeyd edib. O, Azərbaycanın Polşa üçün mühüm tərəfdaş olduğunu və fəaliyyəti müddətində bu münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib”, - məlumatda vurğulanır.
Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
X.Nəsirzadə