Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin təxminən 70%-i ölkə iqtisadiyyatını stabil kimi qiymətləndirirlər, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) hazırladığı Azərbaycanda biznes mühitinə dair hesabatda qeyd olunur.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir ki, cümə axşamı Alman-Azərbaycan Xarici Ticarət Palatası hesabatın təqdimatını keçirib.
Sorğuda dünyanın 30 ölkəsindən Azərbaycanda fəaliyyət göstərən 270 xarici şirkət iştirak edib. Onlardan 67%-i artıq 10 ildən çoxdur Azərbayxcanda fəaliyyət göstərir. Sorğuda iştirak edən xarici şirkətlərin 88%-i mikrobiznes və KOS nümayəndələridir.
Sorğuya əsasən, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin 68%-i ölkə iqtisadiyyatını stabil qiymətləndirir, 57%-i - biznesin genişləndirilməsi və yeni sərmayələrin yatırılmasını planlaşdırır.
Sorğuya əsasən, şirkətlərin 43%-i işöaldan azad olunmuş ərazilərin bərpa işləri üzrə layihələrdə iştirak etmək arzusundadır, 22%-i - həmin layihələrdə iştirakı mümkün hesab edir, 17%-i – həmin layihələrə maraq göstərir.
Bundan başqa, şirkətlərin 60%-i Azərbaycanı biznes üçün əlverişli imkanlar ölkəsi kimi qiymətləndirir.
Sorğuda iştirak edənlərin 71%-i Azərbaycanda siyasi sabitliyin mövcudluğunu qeyd ediblər. **
B.Rüstəmbəyov