“TBC Kredit” BOKT cümə axşamı 3 milyon manat həcmində istiqraz yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından məlumat verilib.
“Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilib. Hərracın yekunları üzrə 3 milyon məbləğində istiqrazın bütün həcmi yerləşdirilib”, - BFB-dən qeyd ediblər.
Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 3 min ədəd istiqraza bölünüb.
İstiqrazın illik faiz dərəcəsi 12%, faiz ödənişləri 6 aydan bir olmaqla investorlara ödənilir.
“TBC Kredit” istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaiti kredit portfelinin genişləndirilməsinə yönəldəcək.
“TBC Kredit” Gürcüstanın “TBC Bank”ının törəmə strukturudur. BOKT-un nizamnamə kapitalı $10 milyon təşkil edir, 30 iyun 2021-ci il tarixinə aktivləri 13,9 milyon manata, kredit portfeli 10,37 milyon manata bərabərdir.**
R.Əhmədov