İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Tibb Texnikasının Təmiri Zavodu” ASC-nin səhmlərinin 99,73%-nin satışı üzrə investisiya müsabiqəsinə yekun vurub.
Dövlət Xidmətinin məlumatına görə, fiziki şəxs Ədalət Vəliyev investisiya müsabiqəsinin qalibi elan edilib.
“Komissiya iddiaçıların təkliflərinə baxıb. Komissiya üzvləri arasında açıq səsvermə yolu ilə fiziki şəxs Vəliyev Ədalət “Tibb Texnikasının Təmiri Zavodu”nun nizamnamə kapitalının 99,73%-ni təşkil edən 922 528 səhmin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Qalib investor ümumi məbləği 2,566 milyon manat təşkil edən İnvestisiya Proqramının öz üzərinə götürür”, - məlumatda qeyd olunur.
ƏMDX-nin məlumatına görə, müsabiqə qalibi investisiyaların 2 il ərzində yatırılmasını, 20-dən artıq yeni iş yerinin yaradılmasını planlaşdırır.
Həmçinin müsabiqə qalibi dövlət büdcəsinə 1 milyon manat köçürəcək.
“Zavod atmosferdən sənaye üsulu ilə alınan qazların istehsalı ilə yanaşı, müxtəlif tibbi avadanlıqların və texnikaların təmiri sahəsində fəaliyyət göstərəcək”, - məlumatda deyilir.
Zavod Bakınun Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşir. **
B.Rüstəmbəyov