Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə verib.
Bu barədə məhkəmənin saytında məlumat verilir.
Məlumatda qeyd edilir ki, iddiaçının (Azərbaycanın - İF) məlumatına görə, "Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir”.
Azərbaycan məhkəmə sənədlərində qeyd edir ki, Ermənistan həm birbaşa, həm də dolayı yolla “etnik təmizləmə, azərbaycanlılara qarşı etnik zorakılıq siyasətini davam etdirir və nifrəti qızışdırır".
Səndlərdə rəsmi Bakı qeyd edir ki, 2020-ci ilin payızında Ermənistan növbəti dəfə Azərbacana hücum həyata keçirib. “Həmçinin, Azərbaycan iddia edir ki, azərbnaycanlılara qarşı etnik təmizləmə, nifrətin qızışdırılması sistematik xarakter daşıyır və BMT-nin müvafiq konvensiyasının pozulmasıdır”, - məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Azərbaycan tərəfinin qiymətləndirmələrinə görə, “Ermənistan konvensiyanın pozulmasına görə məsuliyyət daşıyır və Azərbaycana və Azərbaycan xalqına vurulmuş zərəri ödəməlidir”.
Daha öncə Ermənistan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Azərbaycanı məsuliyyətə cəlb etmək üçün BMT Beynəlxalq Məhkəməsinə müraciət edib. **
A.Əzizov