Bu ilin yanvar-avqust aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara 48,4 milyon manat güzəştli kredit verilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir Facebook səhifəsində yazıb ki, kreditlər 945 investisiya layihəsi üzrə verilib. Bu layihələrin reallaşdırılması 1,4 mindən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.
O qeyd edib ki, güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib.
Hesabat dövründə kreditlərin 97,5%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.
2020-ci ildə SİF-in xətti ilə sahibkarlara 127 milyon manat güzəştli kredit verilib.
Prezident İlham Əliyev 2018-ci il avqustun 1-də “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov