Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının növbəti iclası bu ilin sonuna kimi keçiriləcək. Bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının həmsədri Zubeyda Cəlal ilə görüşdə deyib.
“X.Fərhadov Komissiya çərçivəsində Azərbaycanın və Pakistanın müvafiq qurumları arasında enerji, nəqliyyat, təhsil, səhiyyə və informasiya texnologiyaları sahələrində işçi qruplarının yaradılmasının iki ölkə arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini diqqətə çatdırıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Azərbaycanın Pakistandakı səfirliyinin məlumatına istinadən xəbər verir.
Zubeyda Cəlal Pakistanın baş naziri İmran Xanın Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirilməsi ilə bağlı təlimatını aldığını vurğulayaraq iki qardaş ölkə arasında münasibətlərin daha da gücləndirilməsi üçün lazımi işlərin aparılacağını əminliklə bildirib.
“Komissiya çərçivəsində Azərbaycanın və Pakistanın müvafiq qurumları arasında enerji, nəqliyyat, təhsil, səhiyyə və informasiya texnologiyaları sahələrində işçi qruplarının yaradılması təklifini dəstəkləyən xanım nazir iki ölkə arasında potensial əməkdaşlıq sahələrindən bəhs edərək müdafiə sənayesi sahəsi üzrə əməkdaşlıq imkanları barədə məlumatları da diqqətə çatdırıb”, - deyə məlumatda qeyd olunur.
Görüşdə, həmçinin Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb.
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının altıncı iclası 2016-cı il aprelin 26-27-də İslamabadda keçirilib.*
E.Şəfiyev