Azərbaycan hökuməti 2021-ci il oktyabrın 1-dən xüsusi karantin rejiminin yumşaldılmasına dair qərar qəbul edib.
Bu qərar ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda, yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq qəbul edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.
Bundan başqa, 2021-ci il oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib: istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti; ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti.
Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.
Həmçinin dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə şəhər və rayonlararası müntəzəm sərnişin daşımaları bərpa edilir.
Ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.
COVID-19 pasportlarının verifikasiyası xüsusi mobil tətbiqetmə (“Check App”) vasitəsi ilə həyata keçiriləcək.*
R.Əhmədov