ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın 2020-ci ilin noyabrından sonra ilk görüşünü alqışlayırlar. Bu barədə həmsədrlərin ATƏT-in rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.
XİN başçılarının həmsədrlərin iştirakı ilə görüşü Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutub.
“Bu görüş iki ölkənin bölgədə təhlükəsizliyə, sabitliyə və rifaha töhfə verməyi hədəfləyən birbaşa dialoq yolu ilə yenidən sülh prosesinə qayıtmaq əzminin əlaməti kimi qiymətləndirilir”, - deyə bəyanatda bildirilir.
Həmsədrlər və XİN başçıları Azərbaycanla Ermənistan arasında həll olunmamış məsələləri müzakirə ediblər, gərginliyin azaldılması üçün görüləcək konkret tədbirlər, eləcə də atılacaq addımlarla bağlı təkliflər irəli sürüblər. Həmsədrlər fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi və onun komandası tərəfindən həyata keçirilən bütün zəruri tədbirləri və əməliyyatları qətiyyətlə dəstəklədiklərini vurğulayıblar”, - deyə bəyanatda qeyd olunur.
Həmsədrlər mandatlarına uyğun olaraq qalan bütün məsələlərin hərtərəfli həllini tapması üçün tərəflərlə işləməyə davam etməyə sadiq qaldıqlarını vurğulayıblar.*
A.Salayeva