Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
“Görüşdə tərəflər Qırğızıstan və Azərbaycan arasında əlaqələrin ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etdiyini vurğulayıb və bu əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar. İkitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, siyasi, iqtisadi, humanitar, elm-təhsil, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib. İki ölkə arasında yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişafına daha da təkan verəcəyi qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
XİN başçıları beynəlxalq gündəlikdəki cari məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, tarixi-mədəni irsin məhv edilməsi, habelə mina təhlükəsi barədə danışıb.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, növbəti il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ruslan Kazakbayev ölkəsinin Prezidentinin Qırğızıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə ünvanladığı təbrik məktubunun yüksək ünvan sahibinə çatdırılmasını xahiş edib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.*
A.Salayeva