VMedia Youtube kanalı İkinci Qarabağ müharibəsinin başlamasının birinci ildönümünə həsr olunmuş videoçarx hazırlayıb.
“Ermənistanda İkinci Qarabağ müharibəsini ümummilli fəlakət hesab edirlər, bu isə səbəbsiz deyil. Lakin bu fəlakətin günahkarı Ermənistanın siyasi rəhbərliyidir”, - deyə kanalın müəllifləri “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Videoçarxda Qarabağda ikinci müharibənin başlamasından əvvəlki dövrdən bəhs edilir. Videoçarxın müəlliflərinin Ermənistan və Rusiyanın sabiq və indiki yüksək vəzifəli məmurlarının bəyanatlarından gətirdikləri iqtibaslardan aydın olur ki, Ermənistan yeni Azərbaycan torpaqlarının işğal planını həyata keçirməyə başlamışdı. Buna görə də Ermənistan 2020-ci ilin yayında Tovuzda Azərbaycana qarşı hərbi təxribat törətmiş, Azərbaycan ərazisinə təxribatçılar göndərmişdi. Lakin düşmənin “irəliləmək” cəhdlərinin qarşısı Azərbaycan hərbçiləri tərəfindən alındı.
Ermənistanda isə bundan düzgün nəticə çıxarmadılar və sentyabrın 27-də yenidən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etdilər. “Lakin Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyanın bəyan etdiyi kimi, “yeni ərazilər uğrunda yeni müharibə” baş tutmadı. Azərbaycan Ordusu əks-hücuma keçərək Ermənistan tərəfindən daha əvvəl işğal edilmiş Azərbaycan ərazilərini azad etdi. Noyabrın 9-da İrəvan rüsvayçılıqla kapitulyasiya aktını imzalayır. Ermənistanın bu müharibəni uduzması onun başlamasına görə məsuliyyət daşımadığı anlamına gəlmir”, - deyə videoçarxda vurğulanır.*