Türkiyə XİN başçısı Mövlut Çavuşoğlu bəyan edib ki, iki ölkə arasında münasibətlərin normallaşmasını müzakirə etmək məqsədilə erməni həmkarı Ararat Mirzoyanla görüşməyi planlaşdırmır.
“Belə plan yoxdur”, - Çavuşoğlu bazar ertəsi Ankarada keçirilən mətbuat konfransında bildirib.
O xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkədə keçirilən seçilərdən sonra Türkiyə ünvanına bir neçə müsbət ismarıclar göndərib, buna cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğandan da müsbət mesajlar səslənib.
“Bizim öncədən əsas istəyimiz odur ki, (Qarabağda – İF) hərbi əməliyyatlar sona çatandan sonra, müharibədən sonra bu bölgə sülh və sabitlik regionu olsun. Bildiyiniz kimi, Azərbaycan bu istiqamətdə Ermənistana hərtərəfli sülh sazişi imzalamağı təklif edib. Hələlik Ermənistandan müsbət cavab alınmayıb”, - Türkiyə XİN başçısı bildirib.
Çavuşoğlu əlavə edib ki, Ankara növbəti mümkün addımları “hər zaman olduğu kimi” Bakı ilə uzlaşdıraraq həyata keçirəcək. “Birgə qərar qəbul edib və addımlar atacağıq”, - o bildirib. **
N.Abbasova