Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən görüşün təşkil olunacağı təqdirdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyə hazır olduğunu bəyan edib.
“Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq”, - deyə Əliyev Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bakı Azərbaycanla Ermənistan arasında dialoqun bərpasına hazırdır.
“Azərbaycan bunu açıq şəkildə bəyan edib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq”, - deyə prezident vurğulayıb.
Əliyev bəyan edib ki, heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib.
Dövlət başçısı, həmçinin Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü (ötən həftə Nyu-Yorkda ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında keçirilib) yaxşı göstərici hesab edir. “Ümid edirəm ki, bu, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin başlanğıcıdır. Bizim mövqeyimiz açıqdır. Biz münaqişənin həll olunduğunu hesab edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq”, - deyə Azərbaycan lideri əlavə edib.*
A.Əzizov