Azərbaycan 2021-ci ilin yanvar-iyul aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 5 milyard 418,31 milyon kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 17,1% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
İyul ayında Türkiyəyə 540,03 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 13,34%-i Azərbaycanın payına düşüb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 50,63% azalıb.
Bu azalmanın 2021-ci ilin yazında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə qaz ixracı haqqında müqavilənin müddətinin bitməsi ilə əlaqədar olması ehtimal olunur.
Ümumilikdə, Azərbaycan 2021-ci ilin iyul ayında Türkiyəyə qaz ixracının həcminə görə 4-cü pillədədir. Birinci yerdə Rusiya (56,97%), ikinci yerdə İran (15,64%), üçüncü yerdə Əlcəzair (14,04%) qərarlaşıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2020-ci ilin mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, avqust ayından 2021-ci ilin mart ayınadək isə ikinci yerdə (Rusiyadan sonra), apreldən iyun ayınadək - üçüncü pillədə qərarlaşıb.
İyulda Türkiyəyə 4 milyard 47,49 milyon kubmetr qaz (2020-ci ilin iyul ayı ilə müqayisədə artım 30,15%) ixrac edilib. 3 milyard 479,04 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 83,95%-i, artım 33,7%), 568,45 milyon kubmetr (bütün ixracın 14,05%-i, artım 11,8%) isə LNG-nin payına düşüb. Bütün ixrac 4 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair (LNG)) həyata keçirilib.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan”a məlumat verib ki, “Mərhələ-1” çərçivəsində qaz tədarükü ilə bağlı BOTAS ilə müqavilənin müddəti artıq uzadılıb, lakin hələlik Azərbacan şirkəti bununla əlaqədar şərh vermir.
Öz növbəsində, Türkiyə mətbuatı məlumat verir ki, “Mərhələ-1” çərçivəsiondə Türkiyəyə qaz satışı üzrə razılıq avqust ayında əldə olunub. Nəşrlərin məlumatına görə, Azərbaycan Türkiyəyə qazı praktiki olaraq spot əsasında satacaq. Eyni zamanda, qeyd olunur ki, yeni sazişin müddəti yalnız 2024-cü ilin sonunadək uzadılacaq.
2020-ci ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 11 milyard 547,99 milyon kubmetr qaz (artım 20,5%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.**
N.Abbasova