Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə danışıqlar zamanı qarşılıqlı ticarət dövriyyəsində artımı qeyd edib.
“Mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, iqtisadi inkişaf sahəsində bizdə yaxşı irəliləyiş var, ticarət dövriyyəsi artır. Bu gün hökumətlərarası komissiyanın iclası olacaq. Mən əminəm ki, bu iclasda bir çox mühüm sahələr əhatə olunacaq, görülmüş işlərə nəzər salınacaq və gələcək addımlarımız planlaşdırılacaq”, - Azərbaycan prezidentinin saytında Əliyevin sözlərindən sitat gətirilir.
Həmçinin, Azərbaycan lideri bildirib ki, hökumətlərarası komissiyanın iclasında neft və qaz, elektrik enerjisi, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
“Bunlar artıq həyata keçirilmiş layihələrdir və indi biz bu layihələrin faydasını görürük. Bu, bizim ölkələrimiz arasında əməkdaşlığın çox xüsusi formatını yaradıb. Çünki bu layihələr təkcə bizim ölkələrimiz üçün deyil, Avrasiya regionunda bir çox ölkələr üçün əhəmiyyət kəsb edir. Əminəm ki, bugünkü səfər əməkdaşlığımıza yeni təkan verəcək”, - Əliyev vurğulayıb.
Eyni zamanda, prezident bildirib ki, Gürcüstanda çox müsbət investisiya mühiti, bir çox sosial və iqtisadi məsələləri həll etməyə imkan verən iqtisadi islahatlar Azərbaycanı çox məmnun edir.
“Həmçinin hökumətinizi Gürcüstandakı bütün sahələrdəki inkişafla bağlı əldə etdiyiniz böyük uğur münasibətilə təbrik etmək istəyirəm. Biz dost və qardaş olaraq bu inkişaf proseslərini görməyə çox şadıq, yeni səylərinizdə şəxsən sizə və hökumətinizə uğurlar arzulayırıq”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə