Pakistan Azərbaycan üzərindən Avropaya yükdaşımalar həyata keçirmək niyyətindədir. Bu barədə Pakistanın Bakıdakı səfiri Bilal Hayee bəyan edib.
Bu barədə Hayee Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasının (ABADA) üzvləri ilə görüş zamanı bildirib.
“Hayee qeyd edib ki, Pakistanın "National Logistics Cell" logistika şirkətinin Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb. Onun sözlərinə görə, şirkətin Beynəlxalq Nəqliyyat Konvensiyası (TIR) çərçivəsində Beynəlxalq Nəqliyyat Birliyinin Pakistan Milli Səlahiyyətli Komitəsi tərəfindən regional nəqliyyat əməliyyatları üçün icazəsi var”, - “İnterfaks-Azərbaycan”a ABADA-dan məlumat verilib.
Tərəflər Azərbaycan üzərindən bu xidmətlərin icra edilməsi üçün münasib şərtlərin olduğunu qeyd ediblər. Səfir vurğulayıb ki, Pakistan ixrac imkanlarının artırılması üçün bu məsələyə xüsusi önəm verir.
Öz növbəsində, ABADA-nın İdarə Heyətinin sədri Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, onların üstünlükləri barədə danışıb.
ABADA-da qeyd ediblər ki, Pakistana məxsus ilk sınaq yük maşınları oktyabr ayının əvvəlində İrandan keçməklə Azərbaycana daxil olacaq. **
E.Şəfiyev