Azərbaycan və Gürcüstan regionun inkişafı və Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayırlar. “İnterfaks-Azərbaycan” agentliyi Gürcüstan Hökuməti Aparatının mətbuat xidmətinə istinadən məlumat verir ki, bu barədə Azərbaycanın baş naziri Əli Əsədov çərşənbə günü Bakıda ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında bəyan edib.
“Azərbaycan Gürcüstanla əməkdaşlığın inkişafı və güclənməsinə böyük önəm verir. Əlaqələrimiz bütün sahələrdə, xüsusilə ticari-iqtisadi, enerji, nəqliyyat, tranzit, sərmayələr və humanitar sahələrdə yüksək səviyyədədir. Birgə reallaşdırılan miqyaslı enerji və nəqliyyat layihələri iqtisadi potensialımızı artırır”, - hökumət rəhbəri bildirib.
O, həmçinin qeyd edib ki, rəqəmsal iqtisadiyyat, ASK, informasiya və kommunikasiya texnologiyaları, səhiyyə və s. sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün yaxşı imkanlar mövcuddur.
“Bu imkanları reallaşdrımaq məqsədilə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi zəruri idi (...) Əminəm ki, danışıqlarımız, qərarlar və imzalanmış sənədlər ölkələrimiz arasında münasibətlərin genişlənməsinə imkan yaradacaq. O cümlədən, əminəm ki, sizin səfəriniz uğurlu olacaq və Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək”, - Əsədov bildirib.
Baş nazir qeyd edib ki, gələn il Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir.
“Müstəqillik dövrü ərzində qarşıqlı etimad vəstəyə əsaslanan münasibətlərimiz uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Ölkələrimiz arasında fəal siyasi dialoq aparılır. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyir. Çətin zamanlarda biz həmişə bir-birimizi dəstəkləmişik. Xüsusilə qeyd etmək istərdim ki, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər münasibətlərimizin inkişafında mühüm rol oynayıblar”, - Əsədov vurğulayıb. **
A.Salayeva