Baş nazir Əli Əsədov əmindir ki, koronavirus pandemiyası azaldıqca və məhdudiyyətlər götürüldükcə Azərbaycanla Gürcüstan arasında turist axını bərpa olunacaq.
Ə.Əsədov bu sözləri Azərbaycan Respublikası və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
“Turizm Azərbaycan-Gürcüstan əməkdaşlığının digər prioritet sahəsidir. 2019-cu ildə Gürcüstana başqa ölkələrdən ən çox turist Azərbaycandan gəlmişdir - bir milyon yarımdan çox adam”, - deyə o bildirib.
Baş nazir, həmçinin qeyd edib ki, Azərbaycan Gürcüstanla mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.
“Məlum olduğu kimi, Azərbaycanın mədəniyyət naziri bu yaxınlarda Gürcüstanda səfərdə olub və səfər çərçivəsində bu ölkənin rəsmi şəxsləri ilə bir sıra səmərəli görüşlər keçirib”, - deyə Ə.Əsədov bildirib.
O vurğulayıb ki, Azərbaycan insanlar arasında təmaslara da böyük əhəmiyyət verir. “Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların əlaqələrimizin inkişafında çox böyük rolu var”, - deyə baş nazir əlavə edib.*
E.Şəfiyev