2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,6 milyard təşkil edib ki, bu da ötən ilin 8 ayının göstəricisindən 37,1% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Cari ilin 8 ayı ərzində şəkər ixracı 2,2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 1,5 dəfə, pambıq iplik ixracı 3,1 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 45% artıb.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pambıq mahlıcı ($143,8 milyon, artım 87,7%), qızıl ($140,1 milyon, artım 12,6%), pomidor ($128,2 milyon, azalma 23,2%), sıxlığı 0,94-dən az olan ilkin formalı polietilen ($75,9 milyon – artım 46,5%), polipropilen ($66 milyon, artım 13,2%), ilkin formalı polimer maddələr ($45,5 milyon, 2020-ci ilin yanvar-avqust aylarında ixrac həyata keçirilməyib), təmizlənmiş fındıq ($44,1 milyon, azalma 25,4%) və kartofun ($40 milyon, artım 18,3%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($522,3 milyon – artım 16%), Türkiyə ($407,3 milyon – artım 79,5%), İsveçrə ($154,9 milyon – artım 11,8%), Gürcüstan ($109,5 milyon – artım 19%) və ABŞ ($48 milyon – artım 4,5 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 32,6%-i RF-nin, 25,5%-i Türkiyənin payına düşüb.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $4 milyarda yaxın təşkil edəcək.*
B.Rüstəmbəyov