Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Ermənistanın delimitasiya prosesini ləngitməsi lazımsız gərginliyə səbəb olur.
“Hazırda sərhədlərin delimitasiya prosesi həyata keçirilməlidir. Bildiyiniz kimi, Azərbaycan bu məsələ ilə bağlı bir neçə dəfə təşəbbüslə çıxış edib. Ancaq Ermənistan tərəfi prosesi ləngidir və bu da lazımsız gərginliyə səbəb olur”, - deyə o, Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
XİN başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq normaları prizmasından çıxış edir, bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini rəhbər tutur.
Bayramov əlavə edib ki, Azərbaycan Respublikası beynəlxalq hüquq normaları əsasında öz ərazi bütövlüyünü bərpa etdi və Ermənistan ilə Azərbaycan arasında olan 400 kilometrə yaxın sərhədi də tam nəzarətə götürdü.
O hesab edir ki, sərhədlərin delimitasiyası Azərbaycan ilə Ermənistan arasında normal münasibətlərin formalaşması üçün yeganə mümkün yoldur.
XİN başçısı vurğulayıb ki, İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərin hamısını yerinə yetirməyib. Nəqliyyat layihələrinin həyata keçirilməsi və kommunikasiyaların açılması da bu səbəbdən ləngiyir. Ermənistan konstruktiv əməkdaşlıq və ya qonşularla düşmən münasibətlər arasında seçim etməlidir”, - deyə C.Bayramov qeyd edib.*
X.Nəsirzadə