Azəırbaycanda 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi dövründə erməni hərbi qulluqçuları tərəfindən törədilən hərbi cinayət faktları ilə bağlı 75 cinayət işi başlanılıb. Bu barədə Baş prokuror Kamran Əliyev bəyan edib.
“Xain düşmənin beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi, infrastruktur obyektlərini raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, namərd hücumlarla onlarca dinc sakinin qətlə yetirilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 75 cinayət işi başlanmaqla işğaldan azad edilmiş 7 şəhər, 11 qəsəbə və 519 kəndə baxış keçirilmiş, digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir”, - Əliyev rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edir.
O vurğulayıb ki, erməni vandalizmi nəticəsində talan edilmiş, dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, eləcə də atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğlərinin müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması istiqamətində prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.
Həmçinin, Əliyev əlavə edib ki, İkinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə 24 nəfər erməni beynəlxalq axtarışa verilib. **
X.Nəsirzadə