Azərbaycan Avropa istehlakçılarından əlavə tələbat olarsa və yeni müqavilələr imzalanacağı halda Avropaya qaz ixracı həcmini artıra bilər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz (Azərbaycan - İF) təbii qazımızı Avropaya ixrac etməyə ötən ilin son günü - dekabrın 31-də başladıq. Bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan (Avropaya - İF) qazdan ucuzdur.Biz Avropa istehlakçılarına göndərdiyimiz qazı artıq müqavilə əsasında satmışıq. Buna görə, əgər Avropa istehlakçılarından əlavə tələbat olarsa, biz danışıqlara başlamalıyıq, çünki siz əvvəlcə qazı satmalısınız, sonra onu hasil etməlisiniz. Adətən qaz biznesində fəaliyyətin ardıcıllığı belədir“- Əliyev İspaniyanın EFE Agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2.6 trilyon kubmetrdir. “Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda, yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq”, - prezident qeyd edib.
Əliyev vurğulayıb ki, bu qış Avropaya qaz ixracını artırmaq texniki və kommersiya baxımından mümkün deyil. “Lakin, əgər indi başlasaq (danışıqlara - İF), fikrimcə, biz növbəti qış üçün hazır olacağıq. Həcmlərin artırılması üçün potensial var”, - prezident deyib.
Dövlət başçısı əlavə edib ki, gələcəkdə Azərbaycan qaz təchizatı coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilər.
Hazırda Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü həyata keçirir. CQD-nin gücü 16 milyard kubmetr təşkil edir, bunun 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri – Türkiyə üçün nəzərdə tutulur. İxrac Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan v Bolqarıstandır 2021-ci ildə bu ölkələrə Azərbaycan qazının ixrac həcmi 5-5,5 milyard kubmetr səviyyəsində nəzərdə tutulur, lakin həcmin daha çox olacağı gözlənilir. **
A.Salayeva