Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşə, mina xəritələrini Bakıda saxlanılan “erməni əsirləri” ilə dəyişdirməyə hazır olduğunu bəyan edib.
“Azərbaycan prezidenti mənimlə görüşməyə hazır olduğunu bəyan edib. Mən hələ iyul ayında bildirmişəm ki, yüksək və ən yüksək səviyyələrdə görüşlərə hazırıq. Nəzərdə tutlan görüşə bütün mina xəritələrini aparmağa hazıram və Azərbaycan prezidentini bütün əsirlərimizi özü ilə gətirməyə çağırıram”, - Paşinyan Litvanın erməni icması ilə görüşdə bildirib.
Paşinyanın sözlərinə görə, bu xəritələr humanitar önəm kəsb edir, Ermənistan isə öncə sahib olduğu xəritələri təqdim edib.
“Azərbaycan prezidenti təqdim olunan xəritələrin keyfiyyətindən gileylənir. Lakin biz sahib olduğumuz xəitələri təqdim etmişik. Keyfiyyətlə əlaqədar problemləri istisna etmirəm, ancaq bu həmin xəritələri tərtib edənlərdən asılıdır. Başqa xəritələrimiz yoxdur və biz kimisə aldatmaq niyyəti güdmürük. Ancaq kiçik addımlarla etimadın formalaşmasına nail olmaq vacibdir. Bu, humanitar məsələlərin həlli, əsirlərimizin evlərinə qayıtması üçün mühümdür”, - Paşinyan qeyd edib. **