Yaponiyanın “TET International Development” şirkəti Azərbaycanda tütün emalına $10 milyondan çox sərmayə yatırıb. Bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.
““TET International Development” şirkəti ASK-nın fəal üzvlərindən biridir. Son iki il ərzində şirkət tərəfindən Zaqatala, Oğuz, Şəki və Tovuzda tütün emalı müəssisələrinə $10 milyondan çox sərmayə yatırılıb”, - deyə M.Musayev bu gün Yaponiya-Azərbaycan İnvestisiya Forumunda bildirib.
O, həmçinin qeyd edib ki, 2020-ci ilin yekunları üzrə Azərbaycan və Yaponiya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi $200 milyon təşkil edib.
Forum çərçivəsində M.Musayev və “TET International Development” şirkətinin baş direktoru Taro Savada Anlaşma Memorandumu imzalayıblar.*
X.Nəsirzadə, E.Şəfiyev