Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndindəki alban-udi və rus-pravoslav kilsələrinin təmir ediləcəyinə söz verib.
“Bu da Talış kəndində yerləşən rus-pravoslav kilsəsidir. Bunu da ermənilər dağıdıblar. Görün, nə gündədir, daşları da söküblər, divarları da söküblər. İndiki vəziyyəti bax, budur. Biz bu kilsəni də bərpa edəcəyik, təmir edəcəyik. Ermənilərdən fərqli olaraq biz bütün dini abidələrə hörmətlə yanaşırıq”, – deyə dövlət başçısı kəndə səfəri zamanı bildirib.
O, həmçinin Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi kilsəsində olub.
“Bu da qədim alban kilsəsidir. Görün, ermənilər bu kilsəni nə günə salıblar. Sonra da deyəcəklər ki, guya bu, erməni kilsəsidir. Erməni kilsəsi olsaydı, bu günə salardılar?! Tarixi abidə kimi qorunacaq. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur. Bütün dini konfessiyaların abidələri bundan sonra da qorunacaqdır. Biz bu qədim alban kilsəsini də bərpa edəcəyik. Ermənilər 30 il ərzində bu bölgəni ancaq dağıdıblar”, - deyə prezident vurğulayıb.*
A.Əzizov