Prezident İlham Əliyev bu gün Cəbrayıl şəhərinin baş planının təqdimatının olacağını bildirib.
“Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buraya gələn hər bir insan bu dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu”, - deyə dövlət başçısı Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən bildirib
O qeyd edib ki, bu gün bütün dünya bunu görür və bunu görmək istəməyənlər də görməlidirlər.
“Çünki Cəbrayıl şəhərindən demək olar ki, əsər-əlamət qalmayıb. Cəmi beşmərtəbəli iki bina qalıbdır, onlardan da erməni hərbçiləri istifadə edirdilər və keçmiş xəstəxananı onlar hərbi hissəyə çevirmişdilər. Bundan başqa bütün binaları, bütün tarixi abidələri yerlə-yeksan etdilər”, - deyə Azərbaycan Prezidenti bildirib.*
E.Şəfiyev