Pakistan Azərbaycan üzərindən Avropaya yükdaşımalara başlayıb. Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) bildirilib.
Assosiasiya qeyd edir ki, “National Logistics Cell” logistika şirkətinin nümayəndə heyəti Bakıda səfərdədir.
“Səfər çərçivəsində Pakistan nümayəndə heyəti ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və ABADA rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın tranzit imkanları və Pakistana məxsus yük nəqliyyat vasitələrinin Azərbaycan üzərindən yerli prosedur qaydalarına uyğun keçidinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
“National Logistics Cell” logistika şirkətinin rəsmisi Faysal Zeşan qeyd edib ki, Pakistana məxsus ilk sınaq yük partiyası artıq Azərbaycan ərazisindən keçərək Türkiyəyə çatıb. Azərbaycana ilk sınaq yükləri isə 5-6 oktyabr tarixlərində çatacaq.
Görüşdə qeyd olunub ki, Pakistandan Avropaya əsasən mərmər, ipək, çəltik, tekstil kimi mallar ixrac olunacaq.
ABADA-nın baş katibi Orxan Əfəndiyev “National Logistics Cell” logistika şirkətinə lazımi dəstəyin göstəriləcəyini bildirib.*
X.Nəsirzadə