Prezident İham Əliyev bəyan edib ki, İranın rəsmi şəxslərinin Azərbaycan-İran sərhədində İsrailin mövcudluğu ilə bağlı ittihamlarını rədd edir.
“Əfsuslar olsun ki, İranın rəsmi şəxsləri bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur”, - deyə prezident Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısı bəyan edib ki, Tehranın bütün bu ittihamlarını rədd edir və sübutlar tələb edir. “Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”, - deyə o vurğulayıb.
“Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”, - deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə