Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
“Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildirib”, - Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Həsənov Vətən müharibəsi zamanı (2020-ci ilin payızında - İF) Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə Gürcüstan tərəfinə dərin təşəkkürünü bildirib.
Danışıqların yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb.
“Gürcüstanda keçirilən “Eternity-2021” kompüter dəstəkli üçtərəfli birgə komanda-qərargah təliminin keçirilməsinin ölkələrimiz arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olduğu bir daha diqqətə çatdırılıb. Müdafiə sahəsi üzrə əməkdaşlığın genişlənməsinin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına töhfə verəcəyi qeyd olunub”, - məlumatda qeyd olunur. **
E.Şəfiyev