Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Cəbrayıl rayonuna səfər şərşivəsində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimdə iştirak edib.
“10,5 hektar ərazini əhatə edən yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 5 bina tikiləcək və buraya 200-ə yaxın ailə, yəni 654 sakin köçürüləcək”, - dövlət başçısının saytında məlumat verilir. Məhəllədə 4, 5 və 6 mərtəbəli yaşayış, o cümlədən digər təyinatlı binalar olacaq. Bu məhəllədə və ümumiyyətlə, şəhərin mərkəzində tikiləcək binaların fasad və eyvanlarına tarixilikləri qorunmaqla, müasir görkəm veriləcək.
“Cəbrayıl rayonunda işğaldan əvvəl 52 min sakin yaşayırdısa, indi onların sayı 82 minə çatıb. Burada ən vacib amillərdən biri də şəhərdə yaşayacaq insanlara veriləcək suyun yeraltı mənbələrdən çəkilməsidir. Doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basan rayon sakinlərinə burada rahat yaşamaları üçün hər cür şərait yaradılır”, - məlumatda qeyd olunur.
Azərbaycan Ordusu 2020-ci il oktyabrın 4-də İkinci Qarabağ müharibəsi dövründə Cəbrayıl şəhərini erməni işğalından azad edib. **
N.Abbasova