Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1,5 hektar ərazidə “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzi fəaliyyət göstərəcək.
Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Rregional servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək”, - məlumatda vurğulanır.
Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Məlumatda qeyd olunur ki, “KamAZ” ASC-nin “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə birgə layihəsinə 2014-cü ildə start verilib. Hazırda orada 8 model “KamAZ” buraxılır və indiyədək 1 mindən çox maşın istehsal olunub.
Əməkdaşlığın inkişafı ilə bağlı perspektiv planlar da var. Gələcəkdə lizinq şirkətinin, ehtiyat hissələri üzrə regional anbarların yaradılması, mövcud xidmət mərkəzlərinin müasirləşdirilməsi nəzərdə tutulur.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi 200 hektar təşkil edəcək.
Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.
Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.
Bundan başqa, Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq. **
X.Nəsirzadə