Dünya Bankı (DB) iqtisadiyyatın daha fəal şəkildə bərpası fonunda 2021-ci il üçün Azərbaycan iqtisadiyyatının artım göstəricisini iyunda proqnozlaşdırdığı 2,8%-dən 5%-ə qədər yaxşılaşdırıb.
“2021-ci ildə Azərbaycanda ÜDM-in artım templərinin həm neft, həm də qeyri-neft sektorlarının sürətlə bərpası hesabına 5%-dək sürətlənməsi gözlənilir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi bankın bu gün dərc olunmuş Avropa və Mərkəzi Asiya regionu iqtisadiyyatına dair hesabatına istinadən bildirir.
Bankın qiymətləndirmələrinə görə, 2021-ci ildə qeyri-neft sənayesi, xidmət və kənd təsərrüfatı sektorunun fəal şəkildə bərpası fonunda qeyri-neft sektoru 7,1% artacaq.
Eyni zamanda, bank 2022-ci il üçün proqnozu 4,5%-dən 3,1%-dək, 2023-cü il üçün isə 3,4%-dən 2,7%-dək azaldıb.
“2022-2023-cü illərdə ÜDM-in orta illik artım tempi 2,9%-dək azalacaq. Bu dövrdə artım dövlət investisiyalarının həcminin artırılması, eləcə də qeyri-enerji sektorları hesabına dəstəklənəcək. Bundan başqa, OPEC+ razılaşması çərçivəsində Azərbaycanın kvotasının artırılması, həmçinin qaz hasilatının artması da artım tempinə təsir göstərəcək”, - deyə hesabatda vurğulanır.
DB-nin qiymətləndirmələrinə görə, 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,5%-dək (2020-ci ildə 2,8%) qədər artacaq. 2022-ci ildə inflyasiya 4,5%-ə qədər, 2023-cü ildə isə 4,1%-ə qədər azalacaq.
Enerji daşıyıcılarının qiymətinin artması tədiyə balansının göstəricilərinə müsbət təsir göstərəcək. Xüsusilə 2021-ci ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 6,9%-ni (2020-ci ildə ÜDM-in 0,5%-i səviyyəsində kəsir), 2022-ci ildə ÜDM-in 6,4%-ni, 2023-cü ildə ÜDM-in 4,5%-ni təşkil edəcək.
DB, həmçinin qeyd edir ki, Azərbaycan hökuməti iqtisadiyyatda mövcud struktur çatışmazlıqlarının aradan qaldırılmasına yönəlmiş 2030-cu ilə qədər iqtisadiyyatın inkişafına dair proqramı təqdim edib.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar 4,3% azalıb, inflyasiya 2,8% təşkil edib.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in artımını 4,6%, orta illik inflyasiyanı 4,9% səviyyəsində proqnozlaşdırır.*
A.Əzizov