Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlara başlamağa hazırdır, bu prosesdə Avropa İttifaqının (Aİ) fəal iştirakını mümkün hesab edir. Bunu Prezident İlham Əliyev deyib.
“İndi əsas məsələ postmüharibə dövrü, bölgədə sülhün təmin edilməsidir. Biz səhifəni çevirmək istəyirik, bu, bizim siyasətimizdir. Biz qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb”, - deyə dövlət başçısı oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən bildirib.
O qeyd edib ki, Aİ bu prosesdə fəal iştirak edə bilər. “Mən belə bir istəyin olduğunu görürəm, bu, bir çox sahələrdə bizə kömək edə bilər”, - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, bu istiqamətdə görüləsi çox iş var.*
A.Əzizov