2021-ci ildə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Azərbaycandan Avropaya 8 milyard kubmetrə yaxın qaz nəql olunacaq. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 2021-ci ilin IV rübündə qaz bazarına dair hesabatında deyilir.
“2021-ci ildə TAP vasitəsilə Avropaya 8 milyard kubmetrə yaxın Azərbaycan qazının nəqli proqnozlaşdırılır. 2022-ci ildə bu boru kəməri ilə nəql ediləcək təbii qazın həcmi 10 milyard kubmetrə çatacaq”, - deyə məlumatda bildirilir.
Daha əvvəl IEA 2021-ci ildə Avropaya 5-5,5 milyard kubmetr Azərbaycan qazının ixrac ediləcəyini proqnozlaşdırmışdı.
“Trans Adriatic Pipeline AG” (TAP AG) konsorsiumunun verdiyi məlumata görə, 2021-ci ilin sentyabrın 16-da TAP-ın Trans-Anadolu qaz kəməri (TANAP) ilə birləşdiyi Türkiyə-Yunanıstan sərhədindəki Kipoy stansiyasından Avropaya 5 milyard kubmetr qaz daxil olub.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan CQD layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.*
N.Abbasova